
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Şərq dünyasının Yeni ili əslində Baharın gəlişi ilə başlayır. Qərb ölkələrində və şimalda 1 yanvar miladi təqvimdə yeni ilin başlanğıcıdır, palaza bürünüb, el ilə sürünüb biz də Yeni ili qeyd edirik. Amma şərqlilər dünyaya daha fərqli baxış bucağından baxıblar ta qədimdən.
Ağaclar çiçəkləmədən, tumurcuqlamadan yeni il niyə təzələnsin ki? Biz buna bir ad da tapıb qoymuşuq, olub Novruz. "Novruz" yeni gün deməkdir. Bayramın tarixi ta atəşpərəstliyə, zərdüştlüyə qədər gedib çıxır, tonqal yandırmaq, üzərindən atlamaq və bəd nəzərləri də od üzərində yandırmaq zərdüştlükdən qalma adət-ənənələrdir.
Baharın gəlişinə qədər bizim nənələrimiz, babalarımız görünür ki, çox bekar olublar. Məsələn, Novruza qədər dörd çərşənbə qeyd edilir. Dörd çərşənbə azmış kimi bir dənə də yalançı çərçənbə salıblar bunların arasına. Bunların qeyd olunması pis cəhət deyil, amma izafi xərclər silsiləsinə daxildir.
Yəni bizi birləşdirən hansı dəyər var desək bu Novruzdur. Hələ bunun yumurta döyüşməyi, fala baxmağı və papaq atmağı var. Bu papaq atmaq ədəbiyyata, folklora daha çox sirayət etmişdir. Məhəmməd Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasında o taylı-bu taylı Azərbaycanın Novruzunu elə gözəl təsvir edib ki, bizim tariximizi, ədəbiyyatımızı Novruzsuz xatırlamaq günahdır, qəbahətdir deyərdim.
Biz azərbaycanlıyıq! Türkü, ləzgisi, kürdü, talışı, avarı, saxuru, udini, buduğu, xınalıqlısı, tatı ilə bərabər hamımız azərbaycanlıyıq.
Bizim hamımızın İslamdan öncə bir ortaqlığı nədir? Baharın gəlişini kutlamağımız. Novruz bizim ortaq keçmişimizdir. İlaxır çərşənbə və Novruz bayramınız kutlu olsun əziz insanlar!
Təşəkkürlər. @revan746